Reklam kampaniyası

Reklam kampaniyası bir postu reklama çıxarmaq deyil.

Kampaniya bir məqsəd ətrafında qurulan bir neçə həftəlik plandır: kimə, nə təklif edirik, hansı platformada, neçəyə və uğuru necə ölçürük. 25-dən çox sahə üçün kampaniya qurmuşam və hər dəfə eyni ardıcıllıqla gedirəm.

Reklam kampaniyasını necə yaradıram?

  1. Məqsəd və rəqəm

    “Satış artsın” məqsəd deyil. “Aprel ayında saytdan 120 sifariş, hər biri ən çox 6 manata” məqsəddir. Rəqəm olmayanda kampaniyanın işləyib-işləmədiyini demək olmur.

  2. Təklif

    Ən yaxşı reklam zəif təklifi xilas etmir. Qiymət, çatdırılma, zəmanət, ilk sifarişə bonus: müştəri niyə məhz indi və məhz sizdən almalıdır?

  3. Platforma

    Məhsulu görmək lazımdırsa, Instagram və TikTok. İnsan artıq axtarırsa, Google. Büdcə azdırsa, bir platformada güclü başlamaq onu üç yerə bölməkdən yaxşıdır.

  4. Kreativ

    Hər kampaniya üçün 3–5 fərqli variant: video, karusel, şəkil. İlk 3 saniyədə nə təklif etdiyiniz aydın olmalıdır. Mətnləri canlı danışıq dilində yazıram, tərcümə dilində yox.

  5. İzləmə

    Meta Pixel, Conversions API, GA4 və UTM linkləri. WhatsApp-a gələn müraciətləri ayrıca qeyd edirik. Bu hissə darıxdırıcıdır, amma onsuz büdcənin hansı hissəsinin işlədiyini bilmək olmur.

  6. Start və test

    İlk həftə müşahidə edirəm: hansı kreativ ucuz nəticə gətirir, hansı auditoriya cavab verir. Zəif variantları söndürüb büdcəni güclülərə keçirirəm.

  7. Hesabat

    Kampaniya bitəndə nə qədər xərcləndiyini, neçə müraciət və satış gəldiyini, bir nəticənin neçəyə başa gəldiyini və növbəti dəfə nəyi fərqli edəcəyimizi sadə dildə yazıram.

Kampaniya nə vaxt uğursuz olur?

Boş gedən büdcələrin çoxu eyni səhvlərdən yaranır:

  • Məqsəd kimi “daha çox bəyənmə” seçilir, sonra satış gözlənilir.
  • Bütün büdcə bir reklama qoyulur, heç nə sınanmır.
  • Reklam saytın ana səhifəsinə aparır, məhsulun öz səhifəsinə yox.
  • Müraciət gəlir, amma Direct-ə saatlarla cavab verilmir.
  • Kampaniya hər gün dəyişdirilir və öyrənmə mərhələsi heç vaxt bitmir.

Mövsümi kampaniyalar

Novruz, 8 Mart, 1 Sentyabr, “Qara cümə”, Yeni il — bu dövrlərdə reklam bahalaşır, çünki hamı eyni vaxtda reklam verir. Kampaniyanı 2–3 həftə əvvəl başlamaq və auditoriyanı qabaqcadan “isitmək” həmişə ucuz başa gəlir.

Tez-tez verilən suallar

Kampaniya nə qədər davam etməlidir?

Ən azı 2 həftə. Birinci həftə sistem öyrənir, ikincidə nəticələr sabitləşir. Mövsümi təkliflər üçün adətən 2–4 həftə kifayətdir. Daimi satış kampaniyası isə aylarla işləyə bilər, sadəcə kreativləri yeniləmək lazımdır.

Minimum büdcə nə qədərdir?

Büdcəni hədəfə görə hesablayırıq: neçə müraciət istəyirsiniz və bir müraciət təxminən neçəyə başa gəlir. Kiçik bir test üçün iki həftəyə 100–150 AZN ilə başlamaq olar, sonra nəticəyə görə artırırıq.

Kreativləri kim hazırlayır?

Ssenari, mətn və dizayn mənim üzərimdədir. Videoları ya birlikdə çəkirik, ya da sizin materiallardan montaj edirəm.

Google reklamı da qurursunuz?

Bəli. Google Ads-də axtarış və YouTube kampaniyaları qururam, nəticələri GA4-də izləyirəm.

Brendiniz üçün ilk addımı
birlikdə ataq.

Layihənizi bir-iki cümlə ilə yazın. Sizə uyğun paketi birlikdə seçək.